Film komissiyasını yaratmaqda məqsədimiz Azərbaycanın kino sənayesinin dünya kinosuna inteqrasiyasını təmin etmək, ölkəmizi kino çəkilişi məkanına çevirməkdir.

Mədəniyyət naziri Anar Kərimov bu sözləri iyunun 28-də Azərbaycan Film Komissiyasının (“Filming Azerbaijan”) təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi-mədəni abidələri, ənənələri və qonaqpərvərliyi var: “Malik olduğumuz nemətlərdən maksimum istifadə edərək, aparıcı xarici kinostudiyaların Azərbaycanda çəkiliş aparmaları üçün film komissiyası platforması yaratmaq niyyətindəyik. Bu da xarici kinostudiyaların Azərbaycana gələrək burada filmlər çəkməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan tanınacaq, onun turizm potensialı təbliğ olunacaq, həmçinin ölkəmizə sərmayə gələcək və iqtisadi baxımdan əlavə əlverişli imkanlar yaranacaq”.

Anar Kərimov əlavə edib ki, Azərbaycanda mövcud olan bu şəraitdə yaxşı filmlərin çəkilərək dünyada nümayiş olunması ölkəmizin turizm potensialına müsbət təsir göstərəcək.

Mədəniyyət naziri artıq dünya kino sənayesində aparıcı mövqelərə malik “Netflix” platforması ilə əməkdaşlığın başlandığını da bildirib: “İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın kino potensialını dünyaya nümayiş etdirmək üçün yaxşı vasitə olacaq”.