Kino mədəniyyətin ən vacib sahələrindən biridir. Çünki kino özlüyündə kitabı, musiqini, digər sahələri də əlaqələndirir. Kino sahəsini inkişaf etdirmək nəinki insanı, mədəni irsi tapmaqda mühüm rol oynayır, eyni zamanda öz mədəniyyətimizi dünyaya çatdırmağa kömək edir.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bu sözləri Azərbaycan Film Komissiyasının təqdimat mərasimində jurnalistlərə açıqlamasında söyləyib.

İki il öncə Türkiyədə film sənayesində dəyişikliklər aparmağa başladıqlarını deyən nazir müavini bildirib ki, məqsədimiz ölkəmizi tanıtmaq idi: “Biz yerli firmalara dəstək verib, əcnəbi kinoşirkətləri də Türkiyəyə dəvət etməklə onların çəkdiyi filmlərdə Türkiyə görüntülərini dünya ictimaiyyətinə təqdim edərək öz mədəniyyətimizi nümayiş etdirməyə çalışmışdıq. Belə bir layihənin Azərbaycanda da qəbul edilməsinin doğru olduğunu görürəm. Düşünürəm ki, bu yolla Azərbaycanın mədəniyyəti, tarixi bir məcrada toplanacaq və dünya qarşısında təbliğ olunacaq”.

Türkiyəli nazir müavini qeyd edib ki, Qarabağı azad edən azərbaycanlıların dünyaya verəcəyi mesajları var: “O mesajları kino vasitəsilə ötürməyin doğru olduğunu düşünürəm. Azərbaycan-Türkiyə qardaşlığı hər bir sahədə özünü göstərdiyi kimi, kino sahəsində də özünü göstərəcək. Əlbəttə, mədəniyyət və təhsil önəmli bir sahələrdir və bunları isə kino birləşdirir”.