İyulun 8-də Rusiya Federasiyasının Tatarıstan Respublikasında – “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi açılacaq.

Sentyabrın 5-dək davam edəcək sərgidə Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim olunacaq. Kazan tamaşaçısı xalçaları tarixi perspektivdə görmək, ornament və sirli mənalar dünyasına qərq olmaq üçün misilsiz bir fürsət əldə edəcək.

Ekspozisiya Tatarıstan Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və “Kazan Kremli” Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə təqdim olunacaq.

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik Milli Xalça Muzeyi sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcək. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

2010-cu ildə UNESCO-nun siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Kazan sərgisində təqdim olunacaq ənənəvi Azərbaycan xalçalarını və “CHİNGİZ” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.

Rəssam Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Sərgidə təqdim olunan “Saf tarix” instalyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı xalça, müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də, əbədidir.

Sərgini müşayiət edən sənədli filmdə Çingiz Babayev tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək.

Sərginin açılışında layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, eləcə də müasir xalçaların müəllifi Çingiz Babayevin iştirakı planlaşdırılır.