Paytaxtımızda “Courtyard by Marriott Baku” hotelinin açılışı olub. Yeni hotel Bakının Füzuli küçəsində, “Qış parkı”nın yanında yerləşir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım hoteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, “Courtyard by Marriott Baku” hotelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir hotel kompleksinin istifadəyə verilməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı,  hotel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

“Courtyard by Marriott Baku” Avropada və dünyada xüsusi imicə malik hotellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus hotellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda qərarlaşdığını göstərir.

Turizm infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, o cümlədən müasir mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.