Türkiyə və Rusiyadan gələn nümayəndə heyəti Ağdama səfər edib

 

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti və Rusiyadan gələn kino mütəxəssisləri iyunun 27-də Ağdam şəhərinə səfər edərək ermənilərin otuz ilə yaxın sürən işğal dövründə burada törətdiyi vandalizmin nəticələri ilə tanış olublar. Qonaqları Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları müşayiət edib.

Qonaqlar əvvəlcə bu yaxınlarda (28 may) Azərbaycan Prezidenti tərəfindən Ağdam şəhərinin bərpasının təməlinin qoyulduğu ərazidə olublar. Burada onlara şəhərin tarixi, işğal dövründə törədilən dağıntılar, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, erməni işğalına qədər Ağdam respublikanın inkişaf etmiş şəhərlərindən idi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam xarabalığa çevrilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun 2020-ci ilin payızında 44 günlük müharibədə qazandığı Zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni,  bərpa-quruculuq dövrü başlayıb.

Türkiyəli və rusiyalı nümayəndələr Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olublar. Bildirilib ki, XVIII əsrə aid bu tarixi-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən vandalizmə məruz qalıb, xan sarayından tövlə kimi istifadə edilib. Qarabağ xanlarının nəslindən olmuş görkəmli şəxslərin dəfn edildiyi qəbiristanlıq, o cümlədən İbrahimxəlil xanın türbəsi və Mehdiqulu xanın qızı, şairə Xurşudbanu Natəvanın qəbirüstü abidəsi dağılıb.

Sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, işğal dövründə vandalizmə məruz qalan Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilib. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub. İşğalçılar Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Türkiyəli nümayəndə heyəti və rusiyalı qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Bildirilib ki, Ağdam şəhərində açıq hava altında İşğal muzeyi yaradılacaq. Teatr binasının qalıqları da burada nümayiş olunacaq.

Ağdam Çörək muzeyinin dağıntıları ilə tanışlıq zamanı bildirilib ki, bu unikal muzeyin binası da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları talan olunub. Dünyada ikinci hesab edilən bu muzeydə nadir eksponatlar – taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı.

Qonaqlar Ağdama səfər zamanı Qiyaslı məscidini də ziyarət ediblər. Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı XVIII əsrə aid məscidin binasından mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.

Türkiyə və Rusiyadan gələn qonaqlar Ağdama səfərin sonunda Şahbulaq qalasında olublar. Onlara qala haqqında məlumat verilib. Bildirilib ki, XVIII əsrə aid qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Ermənilər Ağdamı işğal etdikdən sonra Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

 

“Burada yeni bir mədəniyyətin inşa ediləcəyini görəcəyik”

 

Hər tərəfi tar-mar edilmiş, heç bir həyat əlaməti olmayan, yerlə-yeksan olmuş bir şəhərdəyik. Bütün binalar yox edilib. Burada həyata keçirilən vəhşiliklər dünya mədəniyyət tarixinə bir zülm dövrü kimi düşəcək.

Bu sözləri Ağdam şəhərinə səfər etmiş Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan deyib.

27 il işğal altında qalmış torpaqlarda hər şeyin məhv edildiyini görməkdən təəssüfləndiyini bildirən türkiyəli qonaq, bununla yanaşı, həyata keçiriləcək quruculuq işlərinə görə sevincini ifadə edib: “Azərbaycan dövləti burada geniş bir inkişaf planı hazırlayıb. Yeni şəhər müasir texnologiya əsasında qurulacaq. Qısa zaman içərisində. Yaxşı ki, Azərbaycan dövləti var, Azərbaycan ordusu var, Azərbaycan-Türkiyə qardaşlığı var. Yaxşı ki, pis kabusun sonuna çatmağın xoşbəxtliyini yaşadıq”.

Azərbaycan dövlətinin Qarabağı yenidən qurmağa, inkişaf etdirməyə gücü yetər. Türkiyə olaraq biz də yenidənqurma və inkişaf üçün əlimizdən gələn hər cür dəstəyi verməyə hazırıq. Mədəniyyətdən təhsilə, incəsənətdən ədəbiyyata, əkinçilikdən heyvandarlığa, sənayeyə qədər nə lazımdırsa Türkiyə dəstəyini əsirgəməyəcək.

Bunu isə nümayəndə heyəti ilə Ağdama səfər etmiş Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı bildirib.

Səfir Ağdam şəhərinə gəldiyi üçün böyük sevinc hissi keçirdiyini deyib: “Azərbaycan bayrağının burada dalğalanması ayrı sevincdir. İnşallah, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş Qarabağda əbədi olaraq dalğalanacaq. Qısa zamanda Qarabağda yeni həyatın başlayacağını səbirsizliklə gözləyirik”.