Qazaxıstanın Prezident Arxivi, Rusiya Dövlət Humanitar Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin IV Yay məktəbi təşkil olunub.

Milli Arxiv İdarəsindən bildirilib ki, tədbir arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq, müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə reallaşıb.

Onlayn formatda keçirilən Yay məktəbi “Elektron sənədlərlə iş: nəzəriyyə və praktika” mövzusuna həsr edilib. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Finlandiya və digər ölkələrdən 250-dən çox arxivçinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov da iştirak  edib.