BMT-nin baş katibi Ban Ki-Moon Dünya Turizm günü münasibətilə dünya turizm sənayesində çalışan insanlara müraciət edib. O, builki Dünya Turizm gününün “Turizm və biomüxtəliflik” mövzusu ətrafında qeyd edilməsinə şad olduğunu bildirib. Baş katib müraciətində deyib: «Planetin canlı növləri və məskunlaşma yerlərini, həmçinin onların verdikləri məhsul və xidmətləri qorumaq barədə dəfələrlə qəbul edilmiş qlobal öhdəliklərə baxmayaraq, Yer kürəsində canlı varlıqların müxtəlifliyi görünməmiş sürətlə azalmaqda davam edir. Bunun səbəbi insan fəaliyyətidir. Bu il - Beynəlxalq Biomüxtəliflik İli diqqəti dünyanın bütün regionlarında insanların rifahı, sağlamlığı və əmin-amanlığı naminə biomüxtəlifliyin mühafizə olunmasının son dərəcə zəruri olmasına yönəltmək üçün tam vaxtına düşən bir fürsət yaradır».
Ban Ki-Moon bildirib ki, turizm və biomüxtəliflik bir-biri ilə sıx əlaqədədir. Milyonlarla insan hər il təbiətin gözəlliklərini seyr etmək üçün səyahətə çıxır. Davamlı turizmin gətirdiyi gəlir təbiətin qorunması ilə yanaşı, iqtisadi inkişafa da mühüm köməklik göstərə bilər: «Bundan başqa, davamlı turizm insanlar arasında və yerli icmada biomüxtəlifliyin gündəlik həyatımızdakı əhəmiyyəti barədə məlumatlılığı artırmağa kömək edə bilər.
“Davamlı turizm - yoxsulluğun aradan qaldırılması” kimi təşəbbüslər vasitəsilə, həmçinin BMT ailəsindən olan təşkilatlar, turizmə cavabdeh milli dövlət idarələri və özəl sektorla əməkdaşlıq etməklə Dünya Turizm Təşkilatı turizm, yoxsulluğun azaldılması və biomüxtəliflik arasında mövcud olan əlaqələri önə çəkməkdə kömək edir. Turizm sektorunun nümayəndələri üzərlərinə düşən məsuliyyəti getdikcə daha çox hiss edirlər. Əlbəttə, bu sektor biomüxtəlifliyin qorunmasına, səyahət qruplarının vəhşi təbiətə müdaxiləsini minimuma endirəcək şəkildə idarə olunması və ya təchizatın yalnız davamlı mənbələrdən alınması kimi sadə tədbirlərin inteqrasiyası da daxil olmaqla bir çox töhfələr verə bilər.
Builki Dünya Turizm günündə mən Yer üzərindəki canlıların müxtəlifliyini mühafizə etməyin vacibliyini getdikcə daha çox tanımalarına görə turizm sektorunun nümayəndələrini alqışlayır və bütün tərəfdaşları davamlılığı təmin etmək üçün götürdükləri öhdəliklərin üzərində daha möhkəm dayanmağa çağırıram».
Fəxriyyə Abdullayeva