Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Ukrayna Kitab İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Mərkəzdən bildirilib ki, memorandumda ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq – Azərbaycan və Ukrayna ədəbiyyatlarının qarşılıqlı mübadilə çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

Ukrayna Kitab İnstitutu ölkənin Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində tərcümə işinin təşviqi, Ukrayna ədəbiyyatının xaricdə yayımı və təbliği istiqamətində fəaliyyət göstərən dövlət qurumudur.

Memorandum Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə Heyətinin sədri Afaq Məsud və Ukrayna Kitab İnstitutunun rəhbəri Oleksandra Koval tərəfindən imzalanıb.