Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 111-ci mövsümə yekun vurulub. İl ərzində yaradıcılıq uğurları ilə seçilən əməkdaşların bir qrupu mükafatlandırılıb. Tədbir teatrın ənənəvi mükafatlandırma mərasimlərindən fərqli olaraq onlayn rejimdə - “Zoom” proqramı üzərindən həyata keçirilib.

Əvvəlcə Vətən müharibəsində canlarını fəda etmiş qəhrəmanlarımızın, o cümlədən teatrın işıqçısı, şəhid Əliağa Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirin aparıcıları – Əməkdar artist Əkbər Əlizadə və aktrisa Mehriban Zaliyeva teatr kollektivinin Vətən müharibəsi zamanı fəaliyyətindən, yaradıcılıq əzmindən söz açıblar.

Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bu tədbirin ilk dəfə belə formatda təqdim olunmasına diqqət çəkərək ötən bir il ərzində yaradıcı insanların qarşılaşdığı çətinliklər fonunda qazanılan uğurlardan danışıb: “Dünyanı cənginə alan pandemiya teatrların düzəninə olduqca mənfi təsir edib. Amma kollektivimiz karantin dönəmində, eyni zamanda 44 günlük Vətən müharibəsi günlərində əzmlə çalışdı və fəaliyyətimizlə Ali Baş Komandanın ətrafında həmrəyliyimizi bir daha göstərdik. Bu tarixi dönəmdə bir daha əmin olduq ki, birliyimizlə daha çox nailiyyətlər əldə edə bilərik. Bu tədbirdə də əsas məqsədimiz teatrda çalışan gənclərin gələcək fəaliyyətlərinə stimul verməkdir”.

Mərasimdə məlumat verilib ki, teatrın əməkdaşlarından quruluşçu rejissorlar – Əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Samir Qulamov, aktyorlar – Emil Heydərov, Nicat Əli, Zaur Əliyev, bədii quruluş hissə müdiri Qabil Gözəlov, quruluşçu operator və montajçı Hikmət Şahverdizadə, mətbuat katibi Fəridə Aslanova, orkestr artisti Firuzə Nəcəfli mükafata layiq görülüblər. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov və “Səssiz dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova da mükafatlandırılıb.

Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı da təqdim olunub. “Mövsümün ən işgüzar rejissoru” Samir Qulamov və “Vətən müharibəsində göstərdiyi şücaətə görə” balet artisti Murad Ağayev “Büllur alma”nın sahibi olublar.

Sonda teatrın gənc solistləri Hidayət Əliyev və Nigar Qarayeva vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.