Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Art Management” layihəsi davam edir. İyulun 6-da saat 20:00-da layihə çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar-treninq keçiriləcək. Vebinarı kurator, sənətşünas Fərəh Ələkbərli aparacaq.

Fərəh Ələkbərli  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənətin tarixi və nəzəriyyəsi fakültəsinin magistr pilləsini bitirdikdən sonra müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzinin, Mədəniyyət Nazirliyinin layihələrinin kuratoru kimi çalışıb. YARAT Müasir İncəsənət Mərkəzinin “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olub.

“Art Management” layihəsində silsilə treninqlər “Zoom” tətbiqi vasitəsilə keçirilir. Dinləyici qismində iştirak etmək istəyənlər qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə artmanagementadrq@gmail.com elektron poçt ünvanına müraciət edə bilər.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesabları vasitəsilə izləmək mümkündür.