Ümumrespublika əlyazma kitab müsabiqəsi

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Vətən müharibəsində Qələbəmizin əbədiləşdirilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər tarixində şanlı səhifələr” adlı 12-17 yaşlı yeniyetmələr arasında ümumrespublika əlyazma kitab müsabiqəsi elan edib.

Müsabiqənin təşkilində əsas məqsəd yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunu yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, Azərbaycan əsgərinin döyüş rəşadətini və şəhidlərimizin xatirəsini əbədiləşdirməklə onlar haqda məlumat bazası formalaşdırmaq işinə töhfə verməkdir. Müsabiqə həmçinin yeniyetmə yazarları yaşıdları arasında tanıtmaq, onları ruhlandırmaq, qələmə aldıqları hekayələri kitab halına salmaq baxımından əhəmiyyətlidir. 

Yeniyetmə yazarlar Vətən müharibəsi iştirakçısı olmuş qəhrəmanların (şəhid və qazilərin) döyüş yolu haqqında faktları nəzərə almalıdır.

“Zəfər tarixindən şanlı səhifələr” adlı ümumrespublika əlyazma kitab müsabiqəsi 2021-ci il 1 iyul – 1 oktyabr tarixlərində keçiriləcək.

Müsabiqənin şərtləri:

  • Birinci və İkinci  Qarabağ müharibələrində iştirak edən qəhrəmanlarımız haqqında hekayələr üç hissədən (giriş, əsas hissə, nəticə) ibarət olmalı;
  • Qəhrəmanlar  haqqında tarix və şəkillər düzgün seçilməli;
  • Yazılmış hekayədə fikirlər aydın və səlis ifadə edilməli;
  • Kitabın həcmi 15 səhifədən çox olmamalıdır.
  • Müsabiqədə iştirak etmək istəyənlər 1 oktyabr 2021-ci il tarixinə qədər əlyazma kitabları kitabxananın Kütləvi işlər şöbəsinə təhvil verməlidir.
  • İştirakçılar hekayə ilə yanaşı özləri haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməlidir.

Müsabiqənin şərtlərinə əsasən, 4 noyabr 2021-ci il tarixində əlyazma kitabların sərgisi təşkil olunacaq.

Müsabiqənin şərtləri bu linkdə: https://www.clb.az/zfr-tarixindn-anl-shiflr-adl-mumrespublika-lyazma-kitab-msabiqsin-start-verildi_d3202.html