Respublika Uşaq Kitabxanası görkəmli ədəbiyyatşünas alim, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərliyə (1863-1920) həsr edilmiş elektron məlumat bazasını təkmilləşdirilmiş variantda istifadəçilərə təqdim edib.

Qeyd edək ki, elektron məlumat bazası ilk dəfə 2018-ci ildə F.Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə hazırlanmışdı.

Yenilənmiş bazaya ədibin həyat və yaradıcılığını əhatə edən materialların tam variantı daxil edilib. 11 bölmə, yarımbölmələrdən ibarət olan və 1911-ci ildən 2021-ci ilin birinci yarısına qədərki dövrü əhatə edən elektron məlumat bazasında ədəbiyyatşünas alimin həyat və yaradıcılığının əsas tarixləri, müdrik deyimləri, görkəmli şəxsiyyətlərin onun haqqında söylədiyi fikirlər, əsərləri, haqqında yazılan kitablar, məqalələr və dissertasiyalar və s. yer alıb.

Elektron məlumat bazasına tarix üzrə fəlsəfə doktoru Məmməd Mirzəliyev, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli, Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairə Mina Rəşid və tədqiqatçı Pərixanım Mikayılqızının məqalə və kitabları – ümumilikdə, 35 adda materialın tam mətnləri əlavə edilib. Hazırda bazada 320 kitab və məqalə yer alır.

Elektron məlumat bazası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://clb.az/elektron/Kocerli/index.html