Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daşınmaz əmlakın inventarlaşdırma işləri davam edir. Ötən dövr ərzində  10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilir. 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun iyunun 30-da keçirilən iclasında məlumat verilib.

Videoformatda keçirilən iclasda bildirilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb. 1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə, 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.

İşğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək üçün ərzaq, əczaçı dükanları, bankomatların və s. açılması məqsədilə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşrutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start verilib. Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılır.

İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Hazırkı dövrə qədər 600-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi öz hesabatında bildirib ki, turizm resurslarının qiymətləndirmə metodologiyası əsasında turizm resurslarının qiymətləndirilməsi turizm və rekreasiya zonaları, nəqliyyat dəhlizləri və tematik mövzular üzrə (turizm marşrutları üzrə) aparılır. Turizm məhsullarının inkişaf etdirilməsi istiqamətində “Yolumuz Qarabağa” turizm marşrutunun konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” tur proqramlarının layihələri hazırlanıb. Bölgənin ”Milyon ürək, bir bağ” turizm destinasiya brendinin yaradılması istiqamətində işlər aparılıb, həmçinin regionun turizm potensialı 2021-ci il may və iyun ayında Dubay və İstanbul şəhərində keçirilən beynəlxalq sərgilərdə təbliğ edilib.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilib və tövsiyələr verilib.

Ölkə başçısının 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.