İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (İWHC) 9-cu iclası keçirilib.

Təşkilatdan bildirilib ki, komitənin iclasında daha 97 tarixi-mədəniyyət abidəsinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi barədə qərar qəbul edilib. Siyahı yaxın günlərdə təşkilatın saytında dərc ediləcək.

Beləliklə, İslam Dünyası İrsi Siyahısına daxil edilmiş tarixi-mədəniyyət abidələrinin ümumi sayı 320-yə çatıb.

İclasda çıxış edən İCESCO-nun mədəniyyət və kommunikasiya bölməsinin rəhbəri Məhəmməd Zeynəlabidin qeyd edib ki, təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin siyahıya alınması, onların mühafizəsinə və beynəlxalq aləmdə təbliğinə böyük əhəmiyyət verir. Bu məqsədlə təşkilatın müvafiq strukturu maddi və qeyri-maddi mədəni irs nümunələrinin müəyyən olunması istiqamətində üzv ölkələrlə sıx əməkdaşlıq edir.

İclasda COVİD-19 pandemiyası şəraitində tarixi abidələrin və muzeylərin vəziyyəti ilə əlaqədar məlumatların İCESCO-ya təqdim edilməsinə, habelə İslam Dünyası İrsi Ensiklopediyasının hazırlanmasında iştiraka dair təşkilata üzv ölkələrin uyğun strukturlarına müraciət qəbul olunub. Bəşər sivilizasiyasına məxsus olan və silahlı münaqişə zonalarında yerləşən tarixi-mədəniyyət abidələrinin mühafizəsi məsələsi də müzakirə edilib.