Turizm sektoru pandemiyadan əvvəlki göstəricini 2023-cü ildə bərpa edə bilər

 

İyulun 1-də Dövlət Turizm Agentliyi (DTA) tərəfindən hazırlanmış, regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub.

Təqdimatda RİTM regional sahibkarlıq proqramının turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcəyi vurğulanıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir. Bu, Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. “Regional İnnovativ Turizm Məhsulu” – RİTM layihəsində kənd turizmi, e-ticarət, kulinariya, ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq: “Ölkəmizin, eləcə də ayrı-ayrı regionlarımızın turizm potensialı çox zəngindir. Hər bir regionumuzun özünəxas cəhətləri var. Bu fərqlilikləri nəzərə alaraq layihə şimalda Quba, Qusar, şimal-qərbdə Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Qax, Balakən, Oğuz, cənubda Lənkəran, Lerik, Masallı, qərbdə Gəncə, Mingəçevir, Naftalan, həmçinin Naxçıvan və Bakını əhatə edəcək”.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov RİTM layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirərək layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O, layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Təqdimatda RİTM proqramına qoşulmaq üçün hazırlanan https://ritm.tourismboard.az/ saytının funksiyaları izah olunub, eləcə də startap proqramına müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.

Qeyd edək ki, RİTM proqramına tərəfdaş qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) tərəfdaşlıq edir.

Pandemiyanın təsirləri nəticəsində dünya turizmində 73 faiz azalma müşahidə edilib. Azərbaycanda isə bu, təxminən 80 faiz olub. Artıq sərhədlər açılıb. İnanırıq ki, ölkəmizə gələcək əcnəbi vətəndaşların sayı çoxalacaq. Bu barədə RİTM proqramının təqdimat mərasimindən sonra təşkil edilən mətbuat konfransında DTA-nın mətbuat katibi Kənan Quluzadə deyib.

O bildirib ki, 2023-cü ildə ümumilikdə turizm sahəsindəki rəqəmlərin təxminən 2019-cu ildəki rəqəmlərə yaxınlaşacağı gözlənilir: “Həmin il Azərbaycana 3 milyon 170 min əcnəbi gəlmişdi, 2020-ci ildə 10 faiz artım gözlənilirdi. Həmin il yanvar-fevralda əvvəlki ilin dövrü ilə müqayisədə 15 faiz artım olmuşdu, lakin daha sonra pandemiya oldu. Ötən il daxili turizm 3 milyona yaxın səfər itirmişdi, bu il bu, bərpa olur, artıq xaricdən gələnlərin sayı da artır”.