İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir.

Prezident İlham Əliyev bu sözləri iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Ələt Azad İqtisadi Zonasının yaradılmasının ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir: “Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir. Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.

Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər”.

Prezident vurğulayıb ki, bütün bu amillər və Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və bizim gələcəyimizə olan inam, xarici sərmayədarları bu zonaya cəlb edəcək.

Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Bu məqamları Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də diqqətə  çatdırıb.

Azad iqtisadi zona üçün niyə məhz Ələt qəsəbəsinin seçilməsindən danışan dövlət başçısı qeyd edib ki, bu ərazidə böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır: “Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, – mən buna əminəm, – bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir”.

Prezident qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir: “Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir – dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycandakı sərmayə iqlimi həm neft-qaz layihələrinin icrası zamanı özünü göstərib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb: “Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq”.

Prezident onu da diqqətə çatdırıb ki, indiyədək görülən işlərdə dövlət sərmayəsi artıq öz rolunu oynayıb: “Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”.

Ələt Azad İqtisadi Zonasının bir ildən sonra – gələn ilin iyul ayında investorları qəbul etməyə hazır olacağını deyən İlham Əliyev əmin olduğunu bildirib ki, layihə ilə bağlı  təqdimatda göstərilən mənzərə həyatda öz əksini tapacaq: “Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”.