Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış dombra ifaçısı Arslanbek Sultanbekov və “Dombranın izi ilə” tarixi-sənədli filminin rejissoru Mehmet Gün ilə görüşüb.
Arslanbek Sultanbekov sənətinin Azərbaycanda, ümumən Türk dünyasında məşhur olduğunu vurğulayan Qənirə Paşayeva bu görüşdən məmnunluğunu bildirib.
“Qardaş xalqlar arasında ən əsas bağlardan biri məhz mədəniyyət, mədəniyyət xadimləri arasında güclü işbirliyinin olmasından keçir. Sizin kimi məşhur ifaçının bu planda verə biləcəyi töhfələr böyükdür. Çox şadam ki, sizin və qardaş Türkiyənin tanınmış rejissoru Mehmet Günün iştirakı ilə dombra ilə bağlı film hazırlanır. Ümidvaram ki, dombra, saz, digər türk musiqi alətlərinin yaranması, ozan-aşıq sənətinin inkişaf yolları timsalında ortaq mədəni irsimizlə bağlı gözəl bir sənət əsəri ərsəyə gələcək”, - deyə o söyləyib.
Komitə sədri hər iki sənətkara xatirə hədiyyələri, o cümlədən Rusiyanın Qaraçay-Çərkəz Respublikasında tikiləcək məscid üçün Türk-İslam motivli rəsm əsəri hədiyyə edib.
Arslanbek Sultanbekov və Mehmet Gün səmimi görüş üçün komitə sədrinə təşəkkür ediblər.