Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni təyinatlar olub. Bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB-nin katibləri təyin olunub.

Bundan öncə Rəşad Məcid AYB-də gənclər üzrə katib, Elçin Hüseynbəyli AYB sədrinin müşaviri, Salim Babullaoğlu isə Yazıçılar Birliyinin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri olub. R.Məcid AYB-də gənclər üzrə katib vəzifəsində də qalacaq.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının iclasında da bir sıra məsələlər müzakirə edilib. AYB-nin sədri, Xalq yazıçısı Anar da iclasda iştirak edib.

İclasda ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbu orqanların redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi telelayihələr, yay məktəblərinin təşkili, dövlət qurumları, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla görüşlərin keçirilməsi, gənc yazarların əsərlərinin çapı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Xalq yazıçısı Anar gənclərə tövsiyələrini verib və onlara uğurlar arzulayıb.