AMEA-nın Naxçıvan Bölməsində “Türkologiya” jurnalının 50 illik yubileyi münasibətilə konfrans keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq bildirib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən jurnal Türk dünyasının nüfuzlu elmi nəşrlərindəndir. Jurnal dünyadakı türkoloji mərkəzlərin əməkdaşlığına və elmi əlaqələrin genişləndirilməsinə də xidmət edir.

Konfransa onlayn qoşulan “Türkologiya”nın baş redaktoru, akademik Kamal Abdulla jurnalın tarixi barədə məlumat verib. Bildirib ki, jurnal SSRİ Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya türkologiya” adı ilə 1970-ci ilin aprelindən nəşr olunub. 1992-ci ildən “Türkologiya” adı ilə buraxılır. Hazırda ildə dörd nömrəsi nəşr edilən jurnalda ölkəmizin alimlərinin, eləcə də əcnəbi türkoloqların Azərbaycan, türk, rus və ingilis dillərində məqalələri dərc edilir.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Türkologiya” jurnalı və qədim türk abidələrinin öyrənilməsi məsələləri”, institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayevin “Türkologiya” jurnalı və türk onomastikasının öyrənilməsi məsələləri”, Nuray Əliyevanın “Türkologiya” jurnalı və türk dialektologiyasının öyrənilməsi” mövzularında çıxışları dinlənilib.