Türkiyənin növbəti süni peyki – “TürkSAT 5A” fəaliyyətə başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğan bu münasibətlə Ankaranın Gölbaşı bölgəsindəki “TürkSAT” Mərkəzində təşkil olunan mərasimdə çıxış edib.

Türkiyənin peyk və kosmos sənayesindəki yeniliklərindən danışan dövlət başçısı bildirib ki, ilin sonunadək “TürkSAT 5B”, gələn il isə “TürkSAT 6A” orbitə göndəriləcək. “TürkSAT 5B” peykinin istifadəyə verilməsindən sonra Türkiyə orbitdəki ötürücülük imkanlarını 15 qat artıracaq. Beləliklə, Aralıq, Egey və Qara dənizlərin sahilyanı ölkələri,  Avropa, Yaxın Şərq, Afrikanın əsas hissəsində yerləşən ölkələr bundan istifadə edə biləcəklər.

“TürkSAT 5A” cari il yanvarın 8-də ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə yola salınıb. Beləliklə, Türkiyə fəzada peyklərini artırmaqda olan ölkələr sırasında öz yerini qoruyur. “TürkSAT 5A” ilə birlikdə “TürkSAT 3A”, “TürkSAT 4A” və “TürkSAT 4B” peyklərinin də fəaliyyəti davam edəcək.

GÜLCAHAN