İyunun 29-da Azərbaycanın və Rusiyanın turizm şirkətlərinin iştirakı ilə B2B (Biznesdən biznesə) formatında onlayn görüşlər keçirilib.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Kazan şəhərlərinin turizm şirkətləri ilə ümumilikdə 100-ə yaxın onlayn görüş keçirilib.

Görüşlərdə pandemiya dövründə Azərbaycana səfər edən əcnəbilər üçün görülmüş hazırlıq işləri, Rusiya vətəndaşlarının Azərbaycana səfəri zamanı tələb olunan prosedur və qaydalar, həmçinin iki ölkə arasında yeni açılmış aviauçuşlar barədə məlumat verilib.

Son dövrdə Azərbaycanda yaradılmış yeni turizm marşrutları və yeni istifadəyə verilmiş hotellərdən danışılıb, həmçinin bu istiqamətdə şirkətlər arasında ikitərəfli tərəfdaşlığın qurulması məsələləri müzakirə olunub.

Qeyd edək ki, iyunun 10-dan etibarən Rusiya Federasiyası vətəndaşları müəyyən olunmuş şərtlər daxilində hava yolu ilə Azərbaycan ərazisinə səfər edə bilərlər.

 

Aİ Azərbaycandan səyahətlərə icazə verib

 

Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib. Qərar iyunun 30-da Aİ səfirlərinin iclasında qəbul olunub.

Yeni qərarla Kanada, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kosovo, Moldova, Monteneqro, Qətər və Səudiyyə Ərəbistanı siyahıya əlavə edilib.

Ötən il pandemiya səbəbindən Aİ xaricindəki ölkələrdən səyahətlər məhdudlaşdırılmışdı. Bu ilin əvvəlində Avropa İttifaqına səfərə icazə verilən ölkələrin ilkin siyahısı elan edilmişdi.