BMT turizmdəki tənəzzül ilə bağlı iqtisadi itkiləri hesablayıb

 

Turizm sektorunda koronavirus pandemiyasının səbəb olduğu tənəzzül 2021-ci ildə dünyada ümumi daxili məhsulun (ÜDM) 1,7–2,4 trilyon dollar azalması ilə nəticələnə bilər.

Bu proqnoz BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Cenevrədə dərc olunan hesabatında əksini tapıb. Bildirilir ki, 2021-ci ilin ikinci yarısında beynəlxalq turizm sahəsi canlanacaq, buna baxmayaraq pandemiyadan öncəki 2019-cu illə müqayisədə ciddi zərər gözlənilir.

Hesabatda vəziyyətin bir neçə mümkün inkişaf ssenarisi əks olunub. Ən pessimist ssenariyə görə, bu il beynəlxalq səyahətlərin miqdarı 75 faiz azalacaq. Bu halda turizm sektoru 948 milyard dollar itirəcək, dünyada ÜDM həcmi 2,4 trilyon dollaradək azalacaq. İkinci ssenari turizm səfərlərinin təxminən 63 faiz azalmasını və qlobal ÜDM-in 1,7 trilyon dollar azalmasını nəzərdə tutur. Üçüncü ssenariyə görə, koronavirusa qarşı vaksinasiya səviyyəsinin aşağı olduğu ölkələrə 75 faiz az insan səyahət edəcək, əhalinin əhəmiyyətli hissəsinin peyvənd olunduğu ölkələrdə isə turizm axını cəmi 37 faiz azalacaq. Bu halda dünya iqtisadiyyatı 1,8 trilyon dollar zərərlə üzləşəcək.