Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib.

Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayevin sədrliyi ilə keçirilən iclasda UNESCO Baş direktorunun müavini Sin Ku, Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səfirləri iştirak ediblər.

Əvvəlcə iclasın gündəliyi qəbul edilib və UNESCO yanında Qoşulmama Hərəkatına üzv dövlətlərin yeni səfirləri təqdim olunub.

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayev Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi çərçivəsində görülən işlərdən söz açıb. Səfir Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsindən bəhs edib, ölkəmizin sədrliyi çərçivəsində fəaliyyətdən ətraflı söhbət açılıb.

UNESCO Baş direktorunun müavini, eləcə də kommunikasiya və informasiya üzrə köməkçisi Sin Ku çıxışında COVİD-19 pandemiyasına qarşı mübarizə səyləri və 2022-2025-ci illər üçün qurumun ortamüddətli strategiyasının əsas istiqamətləri də daxil olmaqla UNESCO-nun strateji transformasiyası haqqında danışıb.

UNESCO yanında Qoşulmama Hərəkatının 2021-ci il martın 30-da keçirilmiş plenar iclasının xülasəsi qəbul olunub.

Plenar iclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin UNESCO-nun müxtəlif orqanlarına namizədlikləri ilə bağlı fikir mübadiləsi aparılıb və onların qarşılıqlı dəstəklənməsi məsələsi müzakirə olunub.