Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi kitabxanasının fəxri oxucusu, Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından olan Simax Şeydanın “Padşah qız” kitabı çapdan çıxıb.

“Şirvannəşr”də işıq üzü görən kitabda müəllifin “Padşah qız”, “Üç atlı”, “Tülkünün sonbeşiyi”, “Xəzinə axtaran kişi” mənzum nağılları toplanıb. Kitab ölkəmizin kitabxanalarına hədiyyə olunacaq.

1936-cı ildə Oğuz rayonunda anadan olan şair uzun illərdir Almaniyanın Münxen şəhərində yaşayır. Şair mütəmadi olaraq ana yurdu Azərbaycana gəlir. Onun şeirlərində ölkəmizin keçmişi, qəhrəmanlıq tarixi, sənət aləmi və gözəl təbiəti vəsf olunur.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair 2015-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb.