Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Dövlət Sərhəd Xidməti tərəfindən “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib. Bəstəkar milli musiqi mədəniyyətimizin hərbi-vətənpərvərlik istiqamətində inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətinə görə bu medala layiq görülüb.

Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin bədii rəhbəri və dirijoru Səməd Vəkilov medalı bəstəkara təqdim edib. O, rəhbərlik etdiyi kollektivin Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlığını xüsusi vurğulayıb, sənətkara yaradıcılıq uğurları arzulayıb.

Firəngiz Əlizadə Dövlət Sərhəd Xidmətinin yüksək etimadını qiymətləndirərək dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu il pandemiya səbəbindən “Şəki İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilməsə də, Bəstəkarlar İttifaqının Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestri ilə əməkdaşlığı davam etdiriləcək.