Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr edilmiş onlayn konsert təqdim edib. Konsertdə beynəlxalq müsabiqələr laureatı, dosent Züleyxa Abdullanın ifasında F.Şopen və Cövdət Hacıyevin əsərləri səsləndirilib.

Musiqi layihəsinin ideya müəllifi filarmoniyanın direktoru, BMA-nın professoru, Xalq artisti Murad Adıgözəlzadə, koordinatoru musiqişünas, filarmoniyanın quruluşçu rejissoru Ayla Kərimova-Zəkəriyyədir.

İfaçı bildirib ki, konsertdə səslənən əsərlər təsadüfi seçilməyib. Belə ki, F.Şopenin noktürnü nostalji duyğular yaşadaraq BMA-nın yaranma tarixinə qayıdış hissi bəxş edərək həmin dövrü xatırladır. Klassik musiqi həvəskarları bu əsəri dinləyərək BMA-nın yaradıcısı böyük Üzeyir bəy və onun davamçılarının xatirəsini ehtiramla yad edirlər. Cövdət Hacıyevin fortepiano üçün “Ballada”sı dinləyiciləri musiqinin sirli dünyasına səyahətə dəvət edərək milli ladları, muğam improvizasiyaları, aşıq ritmlərini kamera janrında cəm edir. Qeyd etmək yerinə düşər ki, Cövdət Hacıyev 12 il (1957-1969) konservatoriyanın rektoru vəzifəsində çalışıb, bu təhsil ocağının tarixində silinməz izlər qoyub.

Onlayn konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasının sosial şəbəkələrdəki səhifələri vasitəsilə yayımlanıb.

LALƏ