Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Şəkidə şairə Esmira Günəşin şəhidlərə həsr olunmuş kitablarının təqdimatı olub. Şəki şəhər MKS-nin akt zalında keçirilən tədbirdə şəhid ailələri də iştirak ediblər.

Şəki şəhər MKS-nin direktoru Seyid Vahabova və Xəzər rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova çıxış edərək Vətən yolunda canından keçən şəhidlərin xatirəsinin hər birimiz üçün əziz olduğunu deyiblər.

Tədbirdə Esmira Günəşin "Unutmadıq, şəhidim” və “Zirvəyə ucalanlar” kitabları təqdim olunub. Müəllif Şəki şəhidlərinə həsr etdiyi şeirlərindən bir neçəsini söyləyib.

Sonra kitabxanadakı “Şəhidlər guşəsi” ilə tanışlıq olub. Bildirilib ki, Şəki şəhəri 2020-ci ilin Vətən müharibəsində 64 şəhid verib.

Şəhidlərin valideynləri və ailə üzvləri Vətən oğullarının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər. Şəhid Kazım Məmmədsalahovun qızı Aylin və Esmira Günəşin oğlu Elgün Abbaszadə şəhidlərlə həsr olunan şeirlər söyləyiblər.

Sonda tədbir iştirakçıları Şəki şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.