Azərbaycanda Vahid Media Reyestri yaradılacaq. Bu, informativ reyestr olacaq. Media subyektləri fəaliyyətə başlamazdan öncə bu reyestrə özləri haqqında məlumatlar verəcək, qeydiyyata alınacaqlar.

Bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, MEDİA tərəfindən jurnalistlərə vəsiqə də veriləcək. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək.

Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələrə toxunan icraçı direktor deyib ki, bunlar dəstək layihələridir, heç də hər hansı media orqanının bütün xərclərini qarşılaya bilməz. Bu, sadəcə olaraq, çatışmayan maliyyə resursunu qarşılamaq üçündür: “Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunmasıdır. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək. Aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilərsə, o zaman maliyyə yardımı dayandırılacaq”.

Bu il ilk dəfə onlayn media subyektləri üçün də müsabiqə keçirildiyini və onun əsasında saytlara maliyyə yardımı ayrıldığını deyən MEDİA-nın icraçı direktoru bildirib ki, belə layihələr davamlı olacaq: “Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.

Əhməd İsmayılov qeyd edib ki, maliyyə dəstəyindən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsi barədə də təkliflər var: “Biz bu istiqamətdə də tədbirlər görməkdəyik. Bu layihələr gələcəkdə həyata keçirəcəyimiz layihələrin cüzi hissəsidir”.