Moskvada keçirilən A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalının təşkilatçıları rus tamaşaçılarını Azərbaycan muğam sənəti ilə tanış etmək üçün Xalq artisti Alim Qasımovu ansamblı ilə birgə qastrol səfərinə dəvət edib.

Tamaşaçılara Moskva Beynəlxalq Musiqi Evinin səhnəsində 3-4 iyul tarixlərində Alim Qasımovun ansamblının ifasında “Dünya sevgi üzərində qurulub” adlı musiqili-poetik kompozisiyanı dinləmək imkanı yaradılıb.

“Muğam XVII əsrin ortodoksal poetik mətnləri üzərində yazılmış, ilahi sevgini tərif edən Azərbaycanın ənənəvi ecazkar musiqisidir”, – deyə festivalın saytında bildirilir. Muğam kompozisiyasında səslənəcək fars dilində şeirlərin rus dilində mətnləri Rimma Kazakova və Yevgeni Yevtuşenkonun tərcüməsində təqdim olunacaq.

Məlumatda qeyd olunur ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.

1992-ci ildə əsası qoyulan A.P.Çexov adına Beynəlxalq Teatr Festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva Şəhər Mədəniyyət Departamentinin təşkilatçılığı ilə keçirilir. İki ildən bir keçirilən festivalın proqramı bir neçə ay davam edir və bu müddətdə teatr tamaşaları ilə yanaşı müxtəlif ölkələrdən fərqli incəsənət nümunələri də nümayiş olunur. 15 may tarixindən 20 noyabradək davam edəcək budəfəki proqramda yapon xoreoqrafiya sənəti, ispan flamenko rəqs sənəti kimi nümunələr də var.

Alim Qasımovun ansamblına xanəndə (vokal) ifaçılar olaraq sənətkarın özü və qızı – Əməkdar artist Fərqanə Qasımova, instrumental ifaçılar Rauf İslamov (kamança), Zəki Vəliyev (tar), Rafael Əsgərov (balaban) və Cavidan Nəbiyev (nağara) daxilsdir.