Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 7 nömrəli filialı Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında məlumat hazırlayır.

Kitabxana növbəti dəfə görkəmli şuşalı satirik şair Qasım bəy Zakir (1784-1857) yaradıcılığına müraciət edib. Maarifçi şairin humanizmə, dürüstlüyə çağıran əsərləri hələ sağlığında yüksək qiymətləndirilib. Müəllifin “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” adlı altı təmsili çap olunub. Şair təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığından istifadə edib. O, həmçinin   qədim Şərq ədəbiyyatının məşhur nümunələrindən olan, hind folklor abidəsi “Kəlilə və Dimnə”dən, klassik poeziyadakı təmsillərdən, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Məhəmməd Füzulinin əsərlərindən yaralanıb. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq qələmə alıb.

Qarabağın məşhur Cavanşirlər nəslindən olan Qasım bəy Zakir ömrünü maddi ehtiyac və çətinliklər içərisində başa vurub. O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn olunub.