Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə iyulun 2-də “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru, Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq ömrünü jurnalistikaya həsr etmiş qələm sahibləri ilə bağlı tədbirlərin xoş ənənə halını aldığını deyib: “Əməkdar jurnalist Ağahüseyn Hüseynov, sözün əsl mənasında, peşə fədaisidir. O, həm ziyalı, publisist, həm də qəzet işinin mahir bilicisidir. Ən əsası isə Ağahüseyn müəllim jurnalistikaya misilsiz sədaqəti ilə nümunədir. Onun jurnalist fəaliyyəti, xüsusən də ustad Nəsir İmanquliyevin təməlini qoyduğu “Bakı” və “Baku” qəzetlərindəki əməyi bunu deməyə əsas verir”. 

Ə.Amaşov yubilyarı təbrik edərək ona Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib.

Toplantıda çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov yubilyarla “Bakı”-“Baku” qəzetində birgə çalışdığı illəri yada salıb, onu işinin peşəkarı kimi xarakterizə edən məqamlardan söz açıb.

Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, veteran jurnalist Məzahir Süleymanzadə, “Bakı” və “Baku” qəzetlərinin baş redaktorunun müavini Ənvər Məşədiyev, uzun müddət “Bakı” və “Baku” qəzetlərində çalışmış Əməkdar jurnalist Zemfira Məhərrəmli, “Xalq qəzeti”nin əməkdaşı, “Bakı” və “Baku” qəzetlərində jurnalistika fəaliyyəti keçmiş İlqar Rüstəmov, veteran jurnalist Fazil Rəhmanzadə, Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Əməkdar jurnalisti Rəhim Hüseynzadə və digər çıxış edənlər yubilyar haqqında ürək sözlərini bölüşüb, ən xoş istək və arzularını dilə gətiriblər.

Sonda çıxış edən Ağahüseyn Hüseynov həyat və fəaliyyətinə verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.