Əbülfəs Qarayev: “Turizmin inkişafının yeni mərhələsində mövcud problemləri yalnız birgə əməkdaşlıq çərçivəsində aradan qaldırmaq mümkündür”
Sentyabrın 29-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dünya Turizm Gününə həsr olunmuş tədbir keçirildi. Müxtəlif dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş xarici səfirliklərin, turizm sənayesində aktiv fəaliyyət göstərən özəl sektor təmsilçilərinin, media nümayəndələrinin iştirak etdiyi tədbiri nazirliyin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov açaraq bildirdi ki, turizm dünyada ölkələrin iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə və qlobal problemlərin həllinə təsir göstərə bilən amilə çevrilib. Ölkəmizdə də turizm sahəsində mühüm nailiyyətlər əldə edilib. Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünün başa çatması ilə əlaqədar və Dünya Turizm Gününün təntənəli qeyd olunması çərçivəsində ənənəvi olaraq hər il tədbirlər həyata keçirir.
Bakıda və Qusarda turizm sahəsində yeni təlim mərkəzləri yaradılacaq
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son dövrlər ölkə başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar respublikamızda turizmin inkişafına əlverişli şərait yaradıb və turizmi iqtisadiyyatımızın, qeyri-neft sektorunun prioritet sahələrindən birinə çevirib: «Prezidentin 6 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Proqramın başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm xidməti sahələrinin formalaşdırılması, turizm sahəsinin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi, qeyri-neft sektorunda turizmin gəlir gətirən sahə kimi inkişaf etdirilməsi, bu sahədə yüksək keyfiyyətli xidmət səviyyəsinin yaradılması və davamlı inkişafın təmin edilməsidir. Proqramın icrasının təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox işlər görülüb. Turist xidməti sahəsində çalışanların peşə hazırlığı səviyyəsinin artırılması məqsədilə bu ilin may ayında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 130 nəfər üçün Masallı rayonunda, Turizm İnstitutu ilə birgə 52 nəfər üçün Xaçmaz rayonunda və Milli Kulinariya Mərkəzi ilə birgə 40 nəfər üçün Tovuz rayonunda təlim kursları keçirilib. Bununla yanaşı, Azərbaycanda yeni turist marşrutlarının yaradılması çərçivəsində avqustda Respublika Atçılıq Mərkəzinin Şəki filialında “Atüstü turizm marşrutları”nın, həmçinin Quba-Şamaxı ekstremal turizm marşrutunun təqdimatı keçirilib”.
Ə.Qarayev bildirdi ki, son dövrlər turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində bir sıra mühüm işlər görülüb. Nazir Bakı şəhərində müasir standartlara uyğun 5 ulduzlu mehmanxanaların, Bakı və regionlar üzrə 50-yə yaxın mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikildiyini, “Şahdağ yay-qış turizm kompleksi” kimi böyük layihənin həyata keçirildiyini dedi. Ə.Qarayevin sözlərinə görə, bu işlərin nəticəsində yüksək keyfiyyətli turizm xidmətinə nail olmaq olar: «Bu məqsədə nail olmaq üçün isə əsas hədəflərdən biri həmin obyektlərdə xidmət sahəsində çalışacaq müxtəlif peşələr üzrə bacarıqlı kadrların hazırlanmasına olan ehtiyacın aradan qaldırılmasıdır. Bu sahədəki işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasını təmin etmək məqsədilə ölkə başçısının tapşırığı ilə Bakı şəhərində və Qusar rayonunda turizm sahəsində yeni təlim mərkəzlərinin yaradılması nəzərdə tutulur».
Nazir öz çıxışında Turizm İnstitutunun fəaliyyətinə də toxunaraq bildirdi ki, bu il institutun ilk məzunları buraxılıb. 74 məzundan 14-ü Avstriyanın Krems Universitetinin müvafiq diplomunu alıb. Hazırda bu ali təhsil ocağında 1123 nəfər tələbə müxtəlif ixtisaslar üzrə təhsil alır.
Beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialı təbliğ olunur
Nazir Ə.Qarayev Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə il ərzində rəhbərlik etdiyi nazirlik tərəfindən müxtəlif işlər görüldüyünü qeyd etdi: «2010-cu ilin yanvar ayından nazirlik 12 beynəlxalq turizm sərgisində iştirak edib. İlin sonuna qədər isə daha üç sərgidə iştirakımız nəzərdə tutulur. Belə tədbirlərdə iştirak edən əməkdaşlarımız bir qayda olaraq iştirakçı və qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən müxtəlif çap, audio və video məhsullarını, CD-ləri, reklam xarakterli kitabça və bukletləri təqdim edir. Eyni zamanda ölkəmizin turizm imkanlarını əks etdirən filmlər və reklam çarxları beynəlxalq turizm sərgilərində nümayiş etdirilir. Bundan əlavə, bu il ərzində məşhur “Voyager”, “ABTA” jurnallarında və “Upper Reach”, “Forbes” qəzetlərinin reklam səhifələrində respublikamızın turizm imkanlarına dair məlumatlar yerləşdirilib. Azərbaycanın turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanalları olan "CNN", "Euronews", "Travel Channel", BBC, CNBC, “National Geopraphic”də müxtəlif reklam çarxları yayımlanır».
Ə.Qarayev bildirdi ki, nazirliyin həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq mədəni turizm marşrutları vasitəsilə Azərbaycanın turizm bazarının beynəlxalq turizm bazarına inteqrasiya etməsidir: «Bununla bağlı Avropa Şurasının Kiyev təşəbbüsü layihəsi çərçivəsində “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolları” və “İpək Yolu” beynəlxalq mədəni turizm marşrutları, “Alman yaşayış məskənləri” adlı beynəlxalq layihələr işlənməkdədır. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində “Beynəlxalq Mədəniyyət və Turizm mübadiləsi Assosiasiyası” yaradılıb».
Bu il 20 yeni turizm şirkəti yaradılıb, 28 şirkətin isə fəaliyyəti dayandırılıb
Nazirin sözlərinə görə, son dövrlərdə dövlət tərəfindən Azərbaycanda turizmin inkişafına yaradılan münbit şərait nəticəsində mehmanxana və mehmanxana tipli obyektlərin sayı artmaqdadır. Hazırda belə obyektlərin sayı 477-dir. Ölkə ərazisində lisenziya əsasında 209 turizm şirkəti fəaliyyət göstərir: «Bir sıra turizm şirkətləri mövcud bazarda rəqabətə davam gətirmədiyi üçün fəaliyyətini dayandırıb. Bu ilin 9 ayı ərzində ümumilikdə nazirlik tərəfindən 30 şirkətə turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib. Bunlardan 20-si yeni yaradılan şirkətlərdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu il 28 turizm şirkətinin lisenziyasının müddəti bitib və fəaliyyəti dayandırılıb».
Bölgələrdəki turizm obyektlərinin yalnız 30%-i müasir tələblərə cavab verir
«2009-cu ilin rəsmi statistik məlumatlarına görə, Azərbaycanda turizm sahəsində çalışan işçilərin sayı 7380 nəfər təşkil edib» - deyən nazirin sözlərinə görə, 2010-cu ilin ilk 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 885 min 459 nəfər təşkil edib. Bu, ötən ilin 6 ayı ilə müqayisədə 13% və ya 102.251 nəfər çoxdur. 2009-cu ildə isə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1 milyon 830 min 367 nəfər təşkil edib, bunun da 1 milyon 429 min 825 nəfəri turistlərin payına düşür.
Nazir Ə.Qarayev onu da bildirdi ki, aparılan təhlillər nəticəsində və turizm şirkətləri, eləcə də mehmanxanalardan əldə edilən məlumatlar əsasında bu il ölkəmizə gələn xarici turistlərin sayında artım olacağını demək olar. Nazir «Turizm haqqında» yeni qanunun hazırlanmasına ciddi ehtiyac yarandığını da nəzərə çatdırdı. Yeni qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib.
Ə.Qarayevin sözlərinə görə, turizmin inkişafını şərtləndirən müsbət amillərlə yanaşı, bir sıra problemlər də mövcuddur. Nazir bildirdi ki, bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən yalnız 30%-i müasir dövrün tələblərinə və müvafiq standartlara cavab verir: “Sahibkarlar tərəfindən mövsümün başlanması ilə bağlı reklam işi zəif aparılır, bölgələrdə obyektlərin əksəriyyətinin turizm şirkətləri ilə birgə işləmək təcrübəsi azdır. Bu obyektlərdə çalışanların peşə hazırlığı demək olar ki, yox səviyyəsindədir, mehmanxana sahiblərində turizm vərdişlərinin və idarəetmənin öyrənilməsi səviyyəsi çox aşağıdır, yerləşdirmə obyektlərində müştərilərə reklam-çap məhsulları təşviq olunmur, online bronlaşdırma sistemindən və yeni elektron texnologiya vasitələrindən çox az istifadə olunur».
Nazir bildirdi ki, turizmin sistemli şəkildə inkişafına nail olmaq, ölkəmizdə zəngin olan mövcud tarixi, təbii və mənəvi dəyərlərdən daha səmərəli istifadə etmək, turizmin inkişafının yeni mərhələsində mövcud olan problemləri aradan qaldırmaq yalnız birgə əməkdaşlıq çərçivəsində mümkündür.
Sonra tədbirdə nəzərdə tutulan müvafiq təqdimatlar edildi. Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov hazırda Qusarda inşa edilən Şahdağ qış-yay turizm kompleksi haqqında iştirakçılara geniş məlumat verdi.
Fransanın “Mondeos” nəşriyyat evi tərəfindən Azərbaycanın turizm potensialı haqqında hazırlanmış bələdçi kitabı və Böyük Britaniyanın “Hedonist Guide” şirkəti tərəfindən hazırlanan “Bakı haqqında kataloq” haqqında həmin nəşrlərin nümayəndələri Pierre Sforza və Carew Pole Tremayne tərəfindən məlumat verildi. Sonra isə “ERA Marketing Center”in direktoru Anar İbrahimov şirkətin ölkə vətəndaşları arasında turizmlə bağlı keçirdiyi sorğu-müayinənin nəticələrini açıqladı.
Nazirliyin sektor müdiri Mahir Qəhrəmanov isə “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi çərçivəsində 3-5 sentyabr tarixində keçirilən Bakı-Quba-Şamaxı-Bakı istiqamətində Avto Safari haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev mərkəzin təsis etdiyi “Milli turizm mükafatı”nı sahiblərinə təqdim etdi.
Fəxriyyə Abdullayeva