İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan “Vizyon” teatrı yeni tamaşasını təqdim edib. Bu barədə teatrın koordinator-meneceri Elşad Haqverdi məlumat verib.

Azərbaycanın ədəbiyyatının klassiki Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görəsən ləzzətini” pyesi əsasında hazırlanan tamaşa İstanbulun Maltəpə rayonundakı Türkan Saylan Mədəniyyət Mərkəzinin salonunda nümayiş etdirilib. Səhnə əsəri Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə hazırlanıb.

Yeni tamaşanın, həmçinin teatrın fəaliyyətinin beşinci ilində ərsəyə gəldiyini diqqətə çatdıran Elşad Haqverdi qeyd edib ki, İstanbulda Türkiyə-Azərbaycan “Vizyon” teatrını yaradanda Qarabağ kimi ağrımız var idi və biz həm də bu dərdimizi tanıtmaq məqsədilə bu yola çıxdıq: “Düşündük ki, bu yolda teatr ən yaxşı təsir vasitələrindən biridir. Elə də oldu. Tamaşaçılarımız dərdimizə ortaq oldular. Çünki biz həqiqəti çatdırmağa çalışırdıq”.

“Vizyon” teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Elçin İmanov və Kəmalə Kamal tərəfindən qurulub. Kollektivin hazırladığı ilk tamaşa Firuz Mustafanın “Maneken” əsəri olub. Daha sonra Xocalı soyqırımından bəhs edən “Adsız qadın” (“Cəhənnəmdə 8 gün”, soyqırımının dəhşətlərini yaşamış Dürdanə Ağayevanın xatirələri əsasında) tamaşası hazırlanıb.

Teatrın yeni səhnə əsərinin rejissoru sənətşünaslıq doktoru Mine Bayrakeri, ümumi koordinatoru Elçin İmanov, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucalı, geyim rəssamı (kostyum dekorçusu) Lətafət Rafiqqızı, xoreoqrafı Rafiz Mehdizadədir. Baş rolu “Vizyon” teatrının yaradıcısı, teatr aktrisası Kamalə Kamal (Nəbibəyova) oynayıb.

Layihə barədə danışan Elşad Haqverdi deyib: “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY tərəfindən bizə Əbdürrəhim bəy Haqverdiyevin Türkiyə türkcəsinə tərcümə olunmuş “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərinin ssenarisi göndərildi. Pandemiya səbəbindən teatrlarımızın Ə.Haqverdiyevin 150 illiyini qeyd edə bilməməsini də nəzərə alaraq, bu tamaşaya hazırlaşdıq və teatrsevərlərə təqdim etdik. Tamaşa çox müsbət qarşılandı”.

Tamaşadan sonra Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı yaradıcı heyətə təşkilatın təşəkkürnamələrini təqdim edib.

“Vizyon” teatrı yay tətilindən sonra Nizami Gəncəvinin  880 illik yubileyinə həsr olunmuş tamaşa hazırlamağı da planlaşdırır.

Teatr balacalar üçün “Tıq-tıq xanım”, “Almaların sirri” kimi uşaq tamaşalarını da hazırlayıb. “Türkiyədə azərbaycanlı uşaqlar da böyüyür. Onların hərtərəfli inkişafı üçün teatrların, xüsusilə Azərbaycan teatrlarının əhəmiyyətli rolu var. Eyni zamanda, Türkiyə vətəndaşları da Azərbaycan teatrını sevə-sevə izləyirlər, mədəniyyətimizə xüsusi maraq göstərirlər. Kollektivimiz növbəti uğurlu çıxışdan sonra bu tamaşanı Azərbaycanda da təqdim etməyi səbirsizliklə gözləyir. Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşamızla çıxış etməkdir”, – deyə Elşad Haqverdi bildirib.