İyulun 6-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb. Nümayəndə heyətinə nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.

Səfər çərçivəsində Anar Kərimov Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Tsulukiani ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Nazir Tea Tsulukiani Azərbaycan nümayəndə heyətini Gürücstanda görməkdən məmnun qaldığını vurğulayıb, bu cür səfərlərin dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. Nazir Gürcüstanın Azərbaycan ilə əlaqələrin bütün sahələrdə inkişafında maraqlı olduğunu bildirib.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq mədəniyyət sahəsində də əlaqələrin inkişafına geniş imkanlar yaradır. Azərbaycan Gürcüstan ilə müxtəlif istiqamətlərdə, o cümlədən mədəni və humanitar sahələrdə inkişafına böyük önəm verir. Ümid edirik ki, bu cür səfərlər zamanı müzakirə olunan məsələlər bir sıra problemlərin həlli ilə yanaşı əməkdaşlığımızı daha da genişləndirəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda nazirlər mətbuat üçün brifinq keçirib, jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri iyulun 9-dək davam edəcək.