Azərbaycan mədəniyyəti də qurumun xətti ilə Afrikada təqdim olunacaq

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun rəhbərlik etdiyi  nümayəndə heyəti Konqo Demokratik Respublikasına səfər edib. 27 iyun – 3 iyul tarixlərində gerçəkləşən səfərin məqsədi TÜRKSOY–Afrika Birliyi və TÜRKSOY–Konqo Demokratik Respublikası əməkdaşlığına dair müzakirələr aparılması və Türkiyədə elan edilən “2021 Türk dili və Yunus Əmrə İli” çərçivəsində bu ölkədə bir sıra tədbirlərin keçirilməsi olub.

Qeyd edək ki, səfər TÜRKSOY-un Afrika qitəsində ilk fəaliyyəti ilə əlamətdar olub.

Nümayəndə heyəti əvvəlcə Türkiyənin Konqo Demokratik Respublikasının paytaxtı Kinşasadakı səfirliyini ziyarət edib. Səfir Mehmet Munis Dirik ilə görüşdə TÜRKSOY-un region ilə əlaqələrini inkişaf etdirmək hədəflərindən söz açılıb.

Növbəti görüş Konqo Demokratik Respublikası Mədəniyyət, İncəsənət və İrs Nazirliyində keçirilib. Nazir Katherine Kathungu Furaha ilə görüşdə TÜRKSOY-un bu ölkədə və ümumilikdə Afrika qitəsində fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Düsen Kaseinov afrikalı sənətçilərin və  elm adamlarının TÜRKSOY-un tədbirlərinə qatılmasından məmnunluq duyacağını ifadə edib.

İyunun 29-da Konqo Demokratik Respublikası Milli Muzeyində “2021 Türk dili və Yunus Əmrə İli” çərçivəsində “Sevgi mədəniyyətinin bayrağı – Yunus Əmrə” adlı sərgi açılıb.

Sərginin açılış mərasimindən əvvəl TÜRKSOY və Konqo Demokratik Respublikası Mədəniyyət, İncəsənət və İrs Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb.

Sonra sərginin açılış mərasimi keçirilib. Afrika qitəsində Yunus Əmrəyə həsr olunmuş ilk sərgidə Əskişəhər Anadolu Universiteti Gözəl sənətlər fakültəsinin dəstəyi ilə ərsəyə gələn əsərlər təqdim edilib.

Açılış mərasiminə Konqo Demokratik Respublikasının mədəniyyət, incəsənət və irs naziri Katherine Kathungu Furaha və TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyənin Kinşasadakı səfiri Mehmet Munis Dirik və 2-ci Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsinin koordinatoru, səfir Can İncesu ilə  yanaşı çox sayda qonaq qatılıb.

Mədəniyyət, incəsənət və irs naziri Katherine Kathungu Furaha mütəfəkkir şair Yunus Əmrənin sözlərindən və təsəvvüf fəlsəfəsindəki sevgi anlayışından çox təsirləndiyini vurğulayıb.

Konqolu nazir TÜRKSOY ilə qurulan əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki,  imzalanan sənəd Türk dünyasının qədim mədəniyyətlərə sahib ölkələri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın Konqoda və Afrika qitəsində tanıdılması, həm də Afrika mədəniyyətinin daha geniş auditoriyaya çatdırılması və qurumların təcrübə mübadiləsi üçün zəmin yaradacaq.

Baş katib Düsen Kaseinov Afrika səfəri çərçivəsində Afrika Birliyinin qərargahının yerləşdiyi Efiopiyanın Əddis-Əbəbə şəhərində də bir sıra görüşlər keçirib. Efiopiyanın paytaxtında türkdilli respublikaların bu ölkədəki diplomatlarının iştirakı ilə toplantı keçirilib. Toplantıda TÜRKSOY–Afrika Birliyi arasında imzalanacaq əməkdaşlıq anlaşması ilə bağlı müzakirələr aparılıb. Toplantıda Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.

Mehparə SULTANOVA
Ankara