“Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) arasında aparılmış müzakirələr nəticəsində bu qurumun ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib”.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır: “Bu xüsusda azad olunmuş ərazilərə BMT QAK missiyasının həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT QAK missiyasını qəbul etməyə hazırdır”.