İlin sonuna kimi hər rayonda yarımstansiya fəaliyyətə başlayacaq

 

“Ölkə başçısının tapşırıqlarına uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturu yaradılması və respublikanın enerji strukturuna inteqrasiyası istiqamətində Qarabağ enerji strategiyası hazırlanıb”.

Bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov bildirib.

Onun sözlərinə görə, Qarabağ enerji strategiyası hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur. Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb.

Digər rayonlarda da – Cəbrayıl, Zəngilan, Qubadlıda 110 kilovoltluq yarımstansiyaların tikintisi davam edir: “Füzulidə ötən ay ölkə başçısının iştirakı ilə yarımstansiya açıldı, daha əvvəl Şuşada 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı həyata keçirilib. Kiçik SES-lərin bərpası istiqamətində də işlər davam edir. Ölkə başçısının iştirakı ilə istismara verilən ilk infrastruktur layihəsi kimi Laçın rayonu ərazisində Güləbird SES-i misal göstərə bilərik. Bundan əlavə, Suqovuşan-1, Suqovuşan-2 kiçik su elektrik stansiyaları da istismara hazır vəziyyətə gətirilib. Qarabağ enerji strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq”.