Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində 2020/2021-ci dərs ilinin növbəti “Məzun günü” keçirilib. ATMU və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm ixtisası üzrə proqram tələbələrə hər iki tədris ocağının diplomunu almaq şansı verir.

ATMU-dan bildirilib ki, pandemiya səbəbindən beynəlxalq təhsil proqramı üzrə builki “Məzun günü” onlayn formatda təşkil olunub.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov COVİD-19 dövründə təhsil sahəsində yaranmış problemlərdən də söz açıb. Məzunları təbrik edən rektor onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

İMC Krems Tətbiqi Elmlər Universitetinin nümayəndələri də məzunlara uğurlar arzulayıblar.

Qeyd edək ki, bu günədək ATMU-nun 260 tələbəsi Azərbaycan–Avstriya Turizm Proqramı üzrə təhsili uğurla başa vuraraq ikili diplom qazanıb.

AATP çərçivəsində müxtəlif illərdə həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə əməkdaşlıq müqavilələri imzalanıb. 2020-ci ildə Dövlət Turizm Agentliyinin dəstəyi nəticəsində AATP proqram üzrə əməkdaşlıq müqaviləsinin müddəti uzadılıb.