Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında sərəncam imzalayıb.

Nazirlər Kabinetinin 30 iyun 2021-ci il tarixli sərəncamında Mədəniyyət Nazirliyinə Ədliyyə Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Mədəniyyət Nazirliyi, həmçinin aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi qaydası və müddəti, Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqavilələrinin forması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bundan əlavə, Mədəniyyət Nazirliyinə Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasının layihəsi və Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə bağlı təklifləri də iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyinə isə Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.