Dünya şöhrətli azərbaycanlı arxeoloq Rauf Munçayev iyulun 4-də, ömrünün 93-cü ilində Moskvada vəfat edib. Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. Uşaqlıq və yeniyetməlik illəri bu şəhərdə keçib, orta təhsili burada alıb. 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə tarix elmləri doktoru dissertasiyalarını müdafiə edib.

60-cı illərdə R.Munçayev Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb. R.Munçayevin təşəbbüsü ilə onun Azərbaycandan olan yaxın dostu və həmkarı İdeal Nərimanov da bu ekspedisiyanın tərkibinə daxil edilib.

R.Munçayev elmi yaradıcılığında Azərbaycan abidələrinə tez-tez müraciət edib. Naxçıvan, Qarabağ, Gəncə-Qazax, Muğan, Quba-Xaçmaz bölgələrində yayılmış Neolit-tunc dövrü mədəniyyətləri R.Munçayevin əsərlərində dəfələrlə işıqlandırılıb. Böyük Sovet Ensiklopediyasında R.Munçayevin Azərbaycanın arxeoloji abidələri barədə məqalələri nəşr edilib. O illərdə R.Munçayev tez-tez Azərbaycana elmi ezamiyyətlərə gəlir, burada aparılmış arxeoloji qazıntıların nəticələri ilə yaxından maraqlanır və Azərbaycandan olan həmkarları ilə birgə elmi məqalələr nəşr etdirirdi.

R.Munçayev görkəmli alim olmaqla yanaşı, həm də çox bacarıqlı, yorulmaz elm təşkilatçısı idi. O, 1968-1991-ci illərdə SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə institutun direktoru olub.

Məşhur arxeoloq məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni (1998), “Şərəf” ordeni (2009) ilə təltif edilib. 1982-ci ildə Dağıstan Respublikasının, 1989-cu ildə Rusiya Federasiyasının, 2008-ci ildə İnquşetiya Respublikasının “Əməkdar elm xadimi” fəxri adlarına layiq görülüb, 2013-cü ildə isə Çeçenistan Respublikası Elmlər Akademiyasının fəxri akademiki seçilib. Qədim Mesopotamiyanın tədqiqində göstərdiyi xüsusi xidmətlərə görə 1999-cu ildə Rusiya Federasiyasının elm və texnika üzrə Dövlət mükafatına layiq görülüb. R.Munçayev 1985-ci ildən Almaniya Arxeologiya İnstitutunun, 1990-cı ildən İtaliyanın Afrika və Şərq İnstitutunun müxbir üzvü olub.

Allah rəhmət eləsin.