Azərbaycan

 

7 iyul 1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

7 iyul 1950 – Əməkdar mədəniyyət işçisi Həsən Nəsib oğlu Həsənov (1950 – 6.4.2021) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Müxtəlif teatrlarda (İrəvan, Mingəçevir teatrları, Dövlət Gənclər Teatrı) direktor işləyib.

7 iyul 1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

 

8 iyul 1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888-1969) Moskvada anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət (1928-1963) göstərib.

8 iyul 1909 – Məşhur dilçi alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 – 10.4.1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.

8 iyul 1931 – Xalq artisti Zülfüqar Yaqub oğlu Baratzadə (1931 – 11.2.1991) Gəncədə doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

 

9 iyul 1835 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 – 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. Azərbaycan şairlərinin qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

9 iyul 1926 – Görkəmli yazıçı-dramaturq Nəcəf bəy Fətəli bəy oğlu Vəzirov (1854-1926) vəfat edib. Ədib “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub.

9 iyul 1939 – Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev (1939-2017) Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında, Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərdə çəkilib.

 

Dünya

 

7 iyul 1860 – Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860-1911) anadan olub.

7 iyul 1882 – Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.

7 iyul 1884 – Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger; 1884-1958) anadan olub. “Qoyya”, “İspan balladası”, “Lautenzak qardaşları” və s. tarixi romanların müəllifidir.

7 iyul 1901 – İtalyan aktyoru, kinorejissor, 4 dəfə “Oskar” mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.

 

8 iyul 1621 – Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.

8 iyul 1892 – İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.

 

9 iyul 1764 – İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe; 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.

9 iyul 1834 – Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr” və s. kitabların müəllifidir.

Hazırladı:  Vüqar ORXAN