“Gilavar” Azərbaycan Fotoklubunun təşkilati dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

“Azerbaijan Photo Salon - 2021” adlı müsabiqəyə 75 ölkədən 519 fotoqraf tərəfindən 7300 əsər təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, İtaliya və Hindistandan olan 3 münsif tərəfindən qiymətləndirilib.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu, “Gilavar” Azərbaycan Fotoklubu tərəfindən həyata keçirilən sayca yeddinci beynəlxalq fotomüsabiqədir. Dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 38 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Azərbaycan fotoqrafları Ramil Zeynalov gümüş medal və fəxri lent, Roman İsmayılov, Orxan Əzimov, Valeri Xlızov, Aleksandr Firstov, Fərqanə Qasımlı fəxri lent, Nurlan Tahirli və Rüstəm Məhərrəmov isə diplom qazanıb. Ümumilikdə fotoqraflarımız 11 mükafat qazanıblar.