Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun inşası davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər ki, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən və  Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan “Zəfər yolu”nun uzunluğu 101 kilometrdir. Yol 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri icra edilir. Yolun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik hissəsində torpaq işləri, 42-44-ci km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb. Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur.

Yol boyunca 3 yeni avtomobil körpüsünün inşası da davam etdirilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 1-ci, 26-cı və 57-ci km-lik hissələrində layihələndirilib.

“Zəfər yolu”nun tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir.