Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəsmi görüşləri iyulun 7-8-də də davam edib.

İyulun 8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın mədəniyyət nazirini qəbul edib.

Baş nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin  Gürcüstana səfərindən məmnunluğunu bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə çox səmərəli əməkdaşlıq edirlər. Bu əməkdaşlığın inkişaf etdirilməsi Gürcüstan üçün böyük əhəmiyyət daşıyır.

İrakli Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi qətiyyətli dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.

Anar Kərimov da öz növbəsində Azərbaycan və Gürcüstan arasındakı mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət, gənclər və idman naziri Tea Sulukiani də iştirak edib.

***

İyulun 7-də Gürcüstan Parlamentində mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Gürcüstan Parlamentinin sədri Kaxa Kuçava Azərbaycanın mədəniyyət nazirinin səfərini, keçirilən görüşləri və müzakirə olunan məsələləri yüksək qiymətləndirib. Bildirib ki, bu cür səfərlər iki dost və qardaş ölkə olan Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Nazir Anar Kərimov Azərbaycanın Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verdiyini qeyd edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafının vacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.