“Xalça sənəti – mənaların təkamülü”

 

İyulun 7-də Rusiya Federasiyasının Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi açılıb.

Tatarıstan paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib.

Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın bu sahə üzrə ilk ixtisaslaşmış muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

2010-cu ildə UNESCO-nun Qeyri-maddi-mədəni irs üzrə siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “Chıngız” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən də bu amildir.

Rəssam Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir. Sərgidə nümayiş olunan “Saf tarix” installyasiyası sənətkar yaradıcılığının açarı ola bilər. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, “tabula rasa”nın klassik nümunəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də, əbədidir.

Sərgidə təqdim olunan sənədli filmdə xalçaçı rəssam tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşür, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edir.

Qeyd edək ki, sərginin açılışında Tatarıstan Respublikasının mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov, Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova burada nümayiş etdirilən Quba, Qazax və Qarabağın ənənəvi xalçaları, onların dərin məna kəsb edən ornamentlərinin semantikaları barədə ətraflı məlumat verib. Rəssam Çingiz Babayev isə müəllifi olduğu xalçalar, onların yaranma tarixçələri və iş prosesindən bəhs edib.

“Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək davam edəcək.