Səmərqənddə Böyük İpək Yolunda turizmin inkişafına həsr olunmuş növbəti iclas keçirilib
Oktyabrın 7-8-də Daşkənddə “Özbəkturizm” şirkətinin təşkilatçılığı ilə “Böyük İpək Yolu ilə turizm” adlı 16-cı Beynəlxalq turizm sərgi-yarmarkası, ayın 9-10-da isə Səmərqənddə Dünya Turizm Təşkilatının “Özbəkturizm” milli şirkəti ilə birgə Böyük İpək Yolunda turizmin inkişafına həsr olunmuş 5-ci iclası keçirilib. Tədbirlərdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşı Günay Fərədova və “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev təmsil ediblər.
Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, sərgidə dünyanın 36 ölkəsindən 500-dən artıq turizm firması iştirak edib. Tədbirin ilk günü böyük sərgi salonunun açılış mərasimi keçirilib. Burada Özbəkistanın hökumət təmsilçiləri, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və digər rəsmi şəxslər iştirak ediblər: «Sərgidə ziyarətçilərə nümayiş etdirmək və paylamaq üçün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çoxlu sayda ölkəmizin turizm potensialını əks etdirən reklam-çap məhsulları aparmışdıq. Yarmarkanın davam etdiyi günlərdə Azərbaycanın stendinə yerli insanlar, media nümayəndələri və sərgi iştirakçıları yaxınlaşırdılar. Müxtəlif radio və televiziyalara müsahibələr verdik. Ümumiyyətlə, bir məqamı xüsusi olaraq vurğulayım ki, ziyarətçilər tərəfindən Azərbaycana sonsuz marağın şahidi olduq. Azərbaycanın Özbəkistandakı səfirliyi bizə yaxından köməklik göstərdi. Məlum olduğu kimi, bu yaxınlarda Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzin əməkdaşları sərgidə Azərbaycan lövhəsinin ziyarətçilərə təqdim olunmasında fəal iştirak edirdilər”.
R.Quliyev bildirdi ki, sərgi-yarmarkada iştirak edən 40-a yaxın turizm təşkilatının rəhbərləri və nümayəndələri ilə müxtəlif görüşlər keçirilib, əməkdaşlığa dair razılaşmalar əldə edilib: «Böyük İpək Yolu layihəsi çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan üzərindən keçməklə İran, Türkmənistan və Özbəkistan istiqamətində, oradan da Çinə qədər uzanan marşrut həyata keçiriləcək. Azərbaycanla Özbəkistan bu marşrutun əsas ölkələrindən sayılır. Bundan əlavə, ölkəmizə çox güclü turist axını yaradacaq layihələr nəzərdə tutulub».
Həmsöhbətimiz bildirdi ki, oktyabrın 9-10-da Dünya Turizm Təşkilatının “Özbəkturizm” milli şirkəti ilə birgə Səmərqənddə təşkil etdiyi Böyük İpək Yolunda turizmin inkişafına dair 5-ci sessiyasına MDB, Uzaq Şərq və Avropanın turizm fəaliyyəti ilə məşğul olan təşkilatlarının və müxtəlif ölkələrin nümayəndələri qatılıblar: «Tədbiri Özbəkistanın baş nazirinin müavini Eler Qəniyev açaraq ölkəsinin turizm potensialı haqqında danışdı. O, Səmərqənd, Buxara, Xivə, Şəhrisəbz, Mərqilan, Kokand, Termez şəhərlərinin dünyanın ən qədim və gözəl şəhərləri sırasına düşdüyünü vurğulayaraq, Özbəkistanda turizmin daha da genişləndirilməsinin vacibliyinə toxundu. Sonra Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai rəhbərlik etdiyi təşkilatla Özbəkistan arasında əlaqələrin daha da genişləndirilməsi haqqında məlumat verdi. Tədbirdə müxtəlif ölkələri təmsil edən nümayəndələr tərəfindən dünya turizm sənayesində mövcud olan problemlər və onların həlli yolları, beynəlxalq maliyyə böhranının turizm sektoruna təsiri, təbii fəlakətlərin bu sahəyə vurduğu ziyan barədə məruzələr edildi. Eyni zamanda dövlətlə özəl sektor arasında münasibətlərin tənzimlənməsi, əməkdaşlıq və yeni brendlərin yaradılması, Böyük İpək Yolunun brendə çevrilməsi, regional əməkdaşlıq, davamlı turizmin təmin edilməsi, turizm məhsulunun rəqabət qabiliyyətinin təmin olunması məqsədilə strateji planın hazırlanması və digər məsələlər də müzakirə edilən mövzuların sırasında idi. İştirakçılara Azərbaycanın turizm potensialını əks etdirən kitabça və bukletlər paylandı».
R.Quliyev dedi ki, Özbəkistanda diqqətini cəlb edən əsas məqamlardan biri qonaqları gənc professional bələdçilərin müşayiət etməsi olub. Bələdçi məsələsinin hazırda Azərbaycan turizminin başlıca problemlərindən biri olduğunu deyən həmsöhbətimiz bildirdi ki, gələcəkdə bu sahədə Özbəkistanın təcrübəsindən yararlanmaq mümkündür.
Səfərin sonuncu günü Azərbaycan nümayəndə heyəti Daşkənd Dövlət Universitetinin rektoru, servis və turizm fakültəsinin müəllim və tələbələri ilə görüşüblər. Burada keçirilən üç saatlıq seminar müddətində Azərbaycan Turizm İnstitutu haqqında iştirakçılara geniş məlumat verilib. Hazırda Özbəkistanın müxtəlif şəhərlərində 12-dən yuxarı turizm üzrə təhsil müəssisəsi fəaliyyət göstərir. Seminarda bu ali təhsil ocaqları ilə ATİ-nin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Fəxriyyə Abdullayeva