İyulun 8-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

Kitabda 44 günlük müharibə dövründə Hulusi Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda, müsahibə və çıxışları əks olunub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təşkilat tərəfindən Türk dünyasının maddi-mədəni irsinin araşdırılması, qorunması və təbliği ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini, tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsiylə tarixi günlər yaşadığını vurğulayan Günay Əfəndiyeva bu şanlı Qələbənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, cəsarətli çıxışları, Azərbaycan Ordusunun tükənməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində qazanıldığını bildirib. Tarixi Qələbənin bütün Türk dünyasının Zəfəri olduğunu qeyd edən Günay Əfəndiyeva həmin mürəkkəb dövrdə qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu deyib. Bildirib ki, bununla ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri bir daha əməldə təsdiqi tapıb.

Fondun prezidenti ölkənin informasiya cəbhəsində mübarizə apardığı 44 gün ərzində Azərbaycanı sevən insanlar tərəfindən dəstək göstərildiyini bildirərək, Hulusi Kılıçın bu çətin günlərdə baş verən hadisələrə öz fikrini bildirməsinin və müsahibələr verməsini xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonradan bu müsahibələrin, çıxışların jurnalist Günel Yaz tərəfindən bir araya toplanaraq kitab şəklində çap olunduğu diqqətə çatdırılıb.

Günay Əfəndiyeva Hulusi Kılıçın həm Azərbaycanda, həm də daha sonra Moldovada səfir kimi fəaliyyət göstərdiyi dövrdə türkdilli xalqların bir-birinə yaxınlaşmasında xüsusi xidmətləri olduğunu qeyd edib.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov tədbirin əhəmiyyətindən bəhs edərək deyib: “Bu kitabı görəndə Hulusi Kılıçın Azərbaycana qarşı dost mövqeyini hiss etdim, onun bu kitabda səsini və nəfəsini duydum. Hulusi Kılıçdan başqa bir mövqe də gözləmək mümkün deyildi. Azərbaycanda işlədiyi dövrdə Azərbaycan-Türkiyə dostluğunun bir carçısı və öz hərəkəti və mövcudluğu ilə ifadəçisi olduğunun dəfələrlə şahidi olmuşam”.

Vətən müharibəsinin Azərbaycan tarixində ən şərəfli anlardan biri olduğunu deyən Ə.Əhmədov vurğulayıb: “Bu müharibənin dəyəri ondan ibarətdir ki, Azərbaycan-Türkiyə dostluğu və mərdliyini nümayiş etdirmiş oldu. Tariximizdə buna qədər kifayət qədər nümunələr göstərmək olar, amma bu dəfə də biz buna əmin olduq, öz əsgərlərimiz, cəngavərlərimiz Azərbaycanın qüvvəsini yenidən bizim gözümüz önündə canlandırdı və türk ruhunun cəsarətini ortaya qoydu. Bu kitabda Hulusi Kılıçın şərh etmək istədiyi əsas ideya və fikir ondan ibarətdir ki, dostluq və qardaşlıq qandan gəlir və bu, sözdə deyil, əməldə özünü göstərməlidir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Hulusi Kılıçın həm Azərbaycan xalqı tərəfindən sevilən, həm də Azərbaycanı sevən bir səfir olduğunu bildirib. Anar onun daim Azərbaycanın maraqlarını və mənafelərini qoruyan bir diplomat olduğunu qeyd edib. Xalq yazıçısı bu yaxınlarda işıq üzü görən “Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabda tanınmış yazarların Qarabağ haqqında yazıları yer alıb. Sonra o, kitabı Hulusi Kılıça hədiyyə edib və Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstək olduğu üçün ona təşəkkürünü bildirib.

Xalq yazıçısı Elçin sovetlər dönəmində Türkiyə ilə Azərbaycan arasında bağlı sərhədin yaşatdığı həsrətdən söz açıb. Bildirib ki, O zamanlar ziyalılarımız Türkiyəni, türk vətəndaşları isə Azərbaycanı ziyarət etmək istəsə də, bu, mümkün deyildi. Sovet İmperiyasının dağıdılmasından sonra bütün reallıqlar dəyişdi, Azərbaycan Türkiyə münasibətləri yeni və qopmaz mərhələyə qədəm qoydu. Azərbaycan xalqının Türkiyəyə məhəbbəti, türkçülüyə hörməti və ehtiramı nəticəsində Azərbaycanda Türkiyə Respublikasının Səfirliyi fəaliyyət göstərməyə başladı. Hulusi Kılıç da Azərbaycan xalqının sevgisini qazanan səfirlərdəndir. Hulusi Kılıçın Azərbaycana olan sevgisi bütün türk dünyasına olan sevgidir və bu kitab həmin sevginin sayəsində ərsəyə gəlib.

Milli Məclisin deputatları Nizami Cəfərov, Jalə Əliyeva, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı və başqa çıxış edənlər Hulusi Kılıçın fəaliyyət ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya təşəkkürünü bildirən Hulusi Kılıç deyib: “44 günlük döyüş ərəfəsində bəlkə bədənim Türkiyədə idi amma ruhum və ağlım cəbhədə idi. İnformasiya cəbhəsi isə diplomatik və siyasi bir cəbhədir. Bunu dəfələrlə söyləmişəm. Qarabağ üçün şəhid düşməyə hazır idim. Bizim xalqlarımız bir- birilərini yaxşı tanımırdılar. Əslində, biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur. Mən bu kitabda hər gün bir şeylər yazmağa çalışdım. Televiziyada çıxışlar edərək türk xalqını məlumatlandırmağa çalışdım. Son olaraq isə kitabın gəlirini YAŞAT Fonduna verməyi qərar verdim”.

 

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə Hulusi Kılıça fondun xatirə plaketini təqdim edib.

Sonda Əməkdar artisti Rəşad İlyasovun ifasında Azərbaycan və Türkiyənin xalq mahnıları səsləndirilib.