Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərinə səfər ediblər.

Səfərdə Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri iştirak ediblər.

Din xadimləri əvvəlcə Şuşada inşa olunacaq yeni məscidin ərazisinə baxış keçirib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olub, rus pravoslav kilsəsinə baş çəkiblər.

Bildirilib ki, yeni məscidin təməli bu il mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Bu məscid dini ocaq və modern memarlıq nümunəsi olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən naxışlara uyğun bəzədiləcək.

Qazançı kilsəsi ilə tanışlıq zamanı məlumat verilib ki, Şuşada aparılan tikinti-quruculuq işləri çərçivəsində bu kilsə də əsaslı şəkildə bərpa edilir. Şəhərin yuxarı hissəsində yerləşən kilsənin 1868-1887-ci illərdə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. İşğal altındakı torpaqlarımızda olan digər abidələr kimi, ermənilər bu kilsəni də saxtalaşdırmağa cəhd ediblər. Hazırda kilsə tarixi mənşəyinə uyğun bərpa olunur.

Sonra dini konfessiyaların rəhbərləri Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Məlum olduğu kimi, işğal dövründə ermənilər həmin heykəllərə qarşı vandallıq aktları həyata keçirib, onları Ermənistana apararaq əritmək istəyiblər. Lakin ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa erməni işğalından azad olunandan sonra heykəllər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əvvəlki yerinə qaytarılıb.

Daha sonra Saatlı və Aşağı Gövhər ağa məscidlərini ziyarət edən nümayəndə heyətinə işğal illərində bu dini ocaqların məruz qaldığı dağıntılar, həmçinin hazırda orada aparılan bərpa işləri barədə məlumat verilib.

Aşağı Gövhər ağa məscidində namaz qılınıb, dualar edilib, Qurani-Kərimdən ayələr oxunub.

Din xadimlərinin Şuşaya səfərinin birinci günü Cıdır düzündə yekunlaşıb. Onlar buradan Qarabağın tacı olan Şuşanın möhtəşəm təbiət mənzərələrini seyr ediblər.

İkigünlük səfər çərçivəsində dini konfessiya rəhbərləri Şuşada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.