Oktyabrın 6-dan 8-dək Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində 17-ci Beynəlxalq “Ukrayna-2010” turizm sərgisi keçirilib. Sərgidə iştirak etmiş Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədovun dediyinə görə, tədbirin açılışına Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkədə akkreditə edilmiş diplomatik korpusların, Kiyev Şəhər Dövlət Administrasiyasının yüksək vəzifəli nümayəndələri qatılıblar.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli mərasimdə çıxış edib. O, Azərbaycan dövlətinin turizm sahəsinə xüsusi diqqət yetirdiyini bildirib və ölkə başçısı tərəfindən təsdiq edilən «2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın da əsas məqsədinin Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji standartlara cavab verən müasir turizm sənayesi yaratmaq, turizm sahəsini ölkə iqtisadiyyatının əsas mənbələrindən birinə çevirmək olduğunu deyib. E.Mədətli Azərbaycan və Ukraynanın mədəniyyət və turizm nazirlikləri arasında sıx tərəfdaşlıq münasibətlərinin olduğunu, bu münasibətlərin turizm sahəsində ikitərəfli əlaqələrə də müsbət təsir göstərdiyini bildirib.
V.Şıxəmmədovun sözlərinə görə, sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12 kv m-lik stend ayrılıb və 15 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də monitor vasitəsilə ölkəmizə aid reklam çarxları nümayiş olunub: «İlk dəfə Ukrayna dilində çap edilən Azərbaycana aid broşür ziyarətçilərin böyük marağına səbəb oldu. Sərgidə dünyanın 31 ölkəsinin rəsmi turizm qurumları, turizm şirkətləri və mehmanxanaları iştirak edirdilər. Stendimizə yaxınlaşan ziyarətçilərə ölkəmizlə bağlı ətraflı məlumatlar verdik, onlara Azərbaycanda turizmin inkişafı və perspektivləri haqqında danışdıq».
Müsahibimin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sərgidə Ukrayna Jurnalistlər Assosiasiyasının vitse-prezidenti xanım Elena Zelenko və “Mejdunarodnıy turizm” jurnalının baş direktoru Aleksandr Qorobetslə görüşüb: «Görüş zamanı hər iki jurnalist bildirdi ki, Ukrayna hər il Türkiyə, Misir, Maldiv, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və s. ölkələrlə qarşılıqlı infoturlar təşkil edir. Onlar belə layihələrin gələcəkdə Azərbaycanla da həyata keçirilməsini təklif etdilər. Onu da qeyd edim ki, “Mejdunarodnıy turizm” jurnalı Ukrayna KİV-ləri arasında nüfuzlu turizm jurnalı hesab olunur. Jurnalın üz qabığında Azərbaycan turizminə dair məlumatlar çap olunmuşdu. Jurnalda Azərbaycanın turizminə dair yazılan məqalə Azərbaycan stendini ziyarət edən sərgi iştirakçılarının da böyük marağına səbəb oldu. Həmçinin bu ölkənin daha bir nüfuzlu nəşri olan “Obiray” jurnalı da ölkəmizə dair məqalə çap etmişdi».
V.Şıxəmmədov bildirdi ki, səfər zamanı sərginin təşkilatçısı olan “Avto Ekspo” şirkətinin baş direktoru Aleksandr Qaraşenko ilə də görüşüblər. O, növbəti ildə sərgidə Azərbaycana daha geniş yer veriləcəyini və ölkəmizə aid stendin hazırlanmasında rəhbərlik etdiyi şirkət tərəfindən köməklik göstəriləcəyini bildirib.
Sərginin bağlanış mərasimində təşkilatçılar Azərbaycan nümayəndə heyətinə sərgidə fəal iştirakına görə təşəkkür ediblər və Mədəniyyət və Turizm Nazirliyini müvafiq diplomla təltif ediblər.
Fəxriyyə Abdullayeva