Xəbər verdiyimiz kimi, iyulun 7-də Tatarıstan Respublikasının (Rusiya Federasiyası) “Kazan Kremli” Muzey-Qoruğunda Azərbaycan Milli Xalça Muzeyinin “Xalça sənəti – mənaların təkamülü” adlı sərgisi açılıb.

Sərginin ilk günündə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın mühazirəsi və kurator ekskursiyası təşkil olunub. Direktor ilk öncə dünyada ilk xalça muzeyinin ölkəmizdə, Bakıda yaranması, muzeyin fəaliyyət istiqamətləri, kolleksiyaları haqqında məlumat verib.

O, sərginin konsepsiyası, eksponatların seçim prinsipləri barədə fikirlərini bölüşüb, nümayiş olunan XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrinin tarixi, ornamentlərin semantikası, rəng tərtibatı və texniki xüsusiyyətlərindən danışıb. Azərbaycan xalçaçılıq sənətinin davamlı olaraq qədim ənənələri itirmədən inkişaf etdirildiyi, həmçinin yeni yanaşmalarla zənginləşdirildiyi vurğulanıb.

Şirin Məlikova müasir rəssamlardan Çingiz Babayevin də məhz qədim sənətkarlığı yeni yollarla inkişaf etdirən əsərlər yaratdığını diqqətə çatdırıb. Onun yaratdığı sənət nümunələrinin fəlsəfi mənalarından bəhs olunub.

Qeyd edək ki, 10-11 iyul tarixlərində sərgi çərçivəsində ailə proqramı da təşkil edilib. Milli Xalça Muzeyinin Kazanda “Xalça sənəti – mənaların təkamülü” sərgisi sentyabrın 5-dək ziyarətçilər üçün açıq olacaq.